Korporativ sosial məsuliyyət

Korporativ sosial məsuliyyət

“Korporativ sosial məsuliyyət” termini (bundan sonra – KSM) 1960-cı illərdə bir çoxları tərəfindən hüquqi və mənəvi məsuliyyəti daha dar çərçivədə ifadə etmək üçün istifadə olunmağa başlandı.
Korporativ sosial məsuliyyət anlayışının bir neçə tərifi mövcuddur:
1. Sosial məsuliyyət üçün biznes (Business for Social Responsibility) – korporativ sosial məsuliyyət etik dəyərləri qiymətləndirən, həmçinin insanlara, cəmiyyətlərə və ətraf mühitə hörmət edən yollarla kommersiya uğuruna nail olmaqdır.
2. Avropa Komissiyası (European Commission) – korporativ sosial məsuliyyət elə bir konsepsiyadır ki, onun vasitəsilə şirkətlər sosial və ətraf mühit siyasətlərini könüllü olaraq öz biznes əməliyyatları, həmçinin maraqlı şəxslərlə qarşılıqlı münasibətlərinə inteqrasiya edirlər. Başqa sözlə desək, KSM cəmiyyətin və ətraf mühitin inkişafında şirkətlərin könüllü olaraq iştirak iradəsini nümayiş etdirən bir konsepsiyadır.
3. Dünya Bankı (World Bank) – KSM cəmiyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün şirkətin öz əməkdaşları, onların ailələri, yerli əhali – bir sözlə, bütün cəmiyyətlə birlikdə həm biznesin, həm də inkişafın xeyrinə olacaq tərzdə davamlı iqtisadi inkişafa töhfə vermək məsuliyyətidir.
Filip Kotlerin fikrincə isə, KSM biznesin idarə olunması üçün müvafiq vasitələri reallaşdırmaqla və korporativ resursları sərf etməklə cəmiyyətin rifah halını yaxşılaşdırmaq öhdəliyi yönümündə şirkətin azad seçimidir.
Əksər istehlakçılar düşünürlər ki, şirkətlər öz biznes hədəflərinə nail olmaqla bərabər KSM-ə də riayət etməlidirlər. Həmçinin böyük bir qisim istehlakçılar da

hesab edirlər ki, xeyriyyəçiliklə məşğul olan şirkətlər ictimaiyyət arasında müsbət imicə malik olurlar.
Opival və digərləri müəyyən etmişlər ki, KSM-in heç də bütün fəaliyyət növləri istehlakçılar üçün cəlbedici deyil. Onlar məsləhət görürlər ki, pərakəndə satışla məşğul olanlar bir fəaliyyət növü üzrə mərkəzləşsinlər. Bekker-Olsenə görə, əgər şirkətdə sosial təşəbbüs onun digər hədəfləri ilə üst-üstə düşmürsə, bu hal mənfi nəticələr doğuracaq.
KSM daxili və xarici olmaqla, 2 qrupa ayrılır:
Daxili sosial məsuliyyət aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
• əməyin mühafizəsi və təhlükəsizliyi;
• stabil əmək haqqı ödənişi;
• əmək haqqının sosial əhəmiyyətinin qorunması;
• işçilərin əlavə tibbi və sosial sığortası;
• işçilərin müxtəlif tədris və ixtisasartırma proqramlarına cəlb edilməsi
vasitəsilə insan kapitalının inkişafı;
• çətin anlarda yardım.
Xarici sosial məsuliyyət isə aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
• sponsorluq və korporativ xeyriyyəçilik;
• ölkənin, regionun, bələdiyyə qurumlarının ekoloji proqramlarında iştirak;
• yerli əhali ilə qarşılıqlı münasibət;
• böhranlı vəziyyətlərdə şirkətin yardıma hazırlığı;
• məhsul və xidmət istehlakçıları qarşısında məsuliyyət (keyfiyyətli məhsul istehsalı)
KSM-in aşağıdakı prinsiplərini qeyd etmək olar:
Açıqlıq (və ya səmimiyyət):
– Şəffaflıq: sosial siyasətin həyata keçirilməsi, sosial proqramlar və onların reallaşdırılma mexanizmləri dəqiq və aydın olmalıdır.
– İctimailik: Məxfi məlumatlar istisna olmaqla, KSM barədə istənilən məlumat ictimaiyyətə açıq olmalıdır.
– Etibarlılıq: KSM haqqında məlumatın gizlədilməsi və ya saxtalaşdırılması yolverilməzdir.
– Dialoq: Sosial siyasət bütün maraqlı şəxslərlə dialoq əsasında qurulur.
Sistemlilik:
– Məqsədlilik: sosial proqramların həyata keçirilməsi üzrə prioritet istiqamətlərin mövcudluğu;
– Ardıcıllıq: şirkətin keçmiş, cari və gələcək fəaliyyətinə görə cavabdehlik daşıması;
– Müntəzəmlik: KSM-in müəyyən edilmiş prioritet istiqamətləri üzrə planlaşdırılmış proqramların icrası, əvəzində birdəfəlik və natamam tədbirlərdən imtina edilməsi;
– İnteqrasiya: KSM prinsiplərinin bütün biznes proseslərinə və bütün iyerarxik səviyyələrdə qərarların qəbul olunmasına daxil olması.
Əhəmiyyətlilik:
– Aktuallıq: İcra edilən KSM proqramları vaxtında və tələbolunan olmalıdır;
– Genişlik: KSM proqramları çox böyük auditoriyanı əhatə etməli və ümumilikdə cəmiyyət üçün gözəçarpan olmalıdır.
– Səmərəlilik: Proqramlara sərf olunan vəsaitlər problemlərin həllinə əhəmiyyətli dərəcədə kömək etməli, bununla belə proqramın nəticələri müntəzəm qiymətləndirmə və uçota tabe tutulmalıdır;
Münaqişələrdən qorunma:
– Siyasi çağırışlardan uzaqlıq: Seçkiqabağı yarışlarda, siyasi partiyaların və ya fərdi siyasi fiqurların dəstəklənməsində iştirak edilməməlidir.
– Dini, irqi və s. çağırışlardan uzaqlıq: Hər hansı bir dini cərəyanın, millətçi hərəkatların, fan-klubların, musiqi qruplarının və ya digər gənc axınlarının , ümumilikdə özünü hər hansı qarşı bir qrupla üzbəüz qoyacaq fəaliyyətlərin dəstəklənməsinə yol verilməməlidir.
Şirkətin fəaliyyət sahəsinə və iqtisadi gücünə görə onun KSM konsepsiyasına daxil olan komponentlər də dəyişə bilər. KSM aşağıdakı sahələri əhatə edə bilər:
• Cəmiyyətə münasibətdə korporativ sosial siyasət;
• Korporativ idarəetmə və korporativ etika;
• Səhiyyə və əməyin qorunması;
• Ətraf mühitin qorunması üzrə siyasət;
• İnsan hüquqları;
• İnsan resurslarının idarə olunması;
• Cəmiyyətlə qarşılıqlı münasibət, inkişaf və investisiya qoyuluşu;
• Korporativ xeyriyyəçilik və könüllülük;
• İstehlakçının tələblərinin ödənilməsi və vicdanlı rəqabət prinsiplərinə bağlılıq;
• Rüşvətlə mübarizə və korrupsiyaya qarşı tədbirlər;
• Hesabatlılıq, şəffaflıq və fəaliyyət barədə məlumatlandırma;
• Yerli və xarici təchizatçılarla münasibətdə insan hüquqlarına riayət edilməsi məsələləri və s.
Əyani olaraq isə aşağıdakı infoqrafika ilə tanış olaq:

Beynəlxalq praktikada korporativ sosial məsuliyyət tədbirləri şirkətin fəaliyyətində daha böyük yer tutur və bu institutun əhəmiyyəti artmaqdadır.
Azərbaycan şirkətlərinə bu sahədə fəaliyyətlərini istiqamətləndirmək üçün Azərbaycan Korporativ İdarəetmə Standartlarının VIII fəslində müvafiq tövsiyələr nəzərdə tutulmuşdur. Həmin tövsiyələr aşağıdakılardır:
1. Şirkət özünün bütün maraqlı tərəflərinin, o cümlədən kreditorlarının, işçilərinin, müştərilərinin, təchizatçılarının, yerli icmaların və geniş əhali kütləsinin hüquq və mənafelərinə hörmətlə yanaşmalıdır. Qərarlar qəbul edərkən, Şirkət işçilərin, kreditorların, müştərilərin, təchizatçıların və yerli icmaların maraqlarını nəzərə almalı, bu qərarlar işlək və reallığa uyğun olmalı, habelə qəbul etdiyi qərarların maraqlı tərəflərə nə cür təsir göstərə biləcəyi barədə düşünməlidir.
2. Maraqlı tərəflərə Şirkət barədə məlumatla, o cümlədən onun fəaliyyət planlarına və hesabatları ilə tanış olmaq imkanı yaradılmalıdır.
3. Şirkət maraqlı tərəflər ilə münasibətdə üzərinə götürdüyü vəzifələrə riayət etməli, öhdəliklərinin lazımi qaydada icrasını təmin etməli və maraqlı tərəflərin hüquq və qanuni mənafelərinə zidd hərəkətlər etməməlidir.
4. Şirkət qeyri-maliyyə məlumatların açıqlanması məsələsində maraqlı tərəflərin qanunvericiliyə və qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq fəal iştirakını dəstəkləməli, bunun üçün müvafiq şərait yaratmalıdır.
5. Şirkət özünün iqtisadi, sosial və ətraf mühit sahələrinə aid məlumatlarını (məsələn: korrupsiyaya qarşı siyasət, kadr siyasəti, təchizatçılar və müştərilərlə əlaqələrin qurulması siyasəti, şirkət korporativ sosial məsuliyyətinə dair siyasəti, ətraf mühitin qorunması və təbii sərvətlərin saxlanılması siyasəti) maraqlı tərəflərə açıqlamalıdır.

Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi