Travma almış uşaqlar haqqında

Travma almış uşaqlar haqqında

Uşaqlarda travmanın əsas əlamətləri nələrdir? Uşaqlıq travmaları necə aradan qaldırılır? Kimi suallara mütəxəssislər belə aydınlıq gətirmişdir: Hər uşağın yaşadığı mühitdə özünü güvəndə və etibarlı əllərdə hiss etməsi  çox önəmlidir. Uşağa olan laqeyd münasibəst, fiziki, psixoloji, cinsi istismar, ata – ananın boşanması, ailədə ani ölüm, ailəiçi şiddət, ağır xəstəliklər, terror hadisələri, savaş, zorakılıq və s. bu kimi xoşagəlməz hadisələr uşaqlarda travmatik təsir yarada bilər. Travmaya məruz qalmış uşaqlar dünyanın güvənilməyəcək yer olaraq görər, daimi qorxu və narahatlıq içində olarlar. Uşağın travma alıb – almamasını ona təsir edən hadisə yox, uşağın bu hadisəyə verdiyi emosional, psixoloji reaksiya müəyyənləşdirər.  Bəzi uşaqlarda travmatik təsir həmin an, bəzilərində isə sonrakı dövrlərdə öz xoşagəlməz  xüsusiyyətlərini göstərər. Hər yaş qrupunda travma özünəməxsus əlamətlərlə xarakterizə olunur.  Ele uşaqlar var ki, yaşıdlarına nəzərən daha həssas ola bilirlər. Daha əvvəl travma yaşamış və psixoloji dəstək almayan uşaqlar bu hadisədən daha çox təsirlənirlər.  Beş və aşağı yaş qrupundakı uşaqlarda travmatik təsir bu cür əlamətlərdə özünü göstərir:  qorxulu üz ifadəsi, anaya və ya baxıcıya yapışma, ağlama, qışqırma, məqsədsiz hərəkət etmək, hıçqıraraq ağlama və ya titrəmə, daha erkən yaş dövrlərindəki davranışlara qayıtma ( barmaq əmmə, yatağını islatma, qaranlıqdan qorxmaq və s.) 6 – 11 yaş arasındakı uşaqlarda travma sonrakı əlamətlər: yuxu pozğunluğu, qorxulu məzmunlu yuxugörmələr, gərginlik, hüzursuzluq, özünəqapanma, aqressiya partlayışları, məktəbə getmək istəməmə, tibbi cəhətdən açıqlanmayan fiziki ağrılar, diqqət pozuntuları, dava yaratma, akademik uğurların enməsi, hissiyyatsızlıq, özünü günahkar hissetmə. 12 – 17 yaşdakı uşaqların verdiyi reaksiyalar: hadisənin düşüncə, şəkillər və xatirələr şəklində əzab verərək xatırlanması, hadisəni xatırladan şeyləri görməzdən gəlmək, intihar düşüncələri, özünü günahkar hissetmə və intiqam almaq duyğusu, fiziki şikayətlər, kobud davranışlar, kabuslu yuxugörmələr, içki və narkotik maddələrdən istifadə, fikir qarışıqlığı.

AİLƏLƏRƏ VERİLƏN TÖVSİYƏLƏR

  •  Hadisə ilə əlaqədar öz duyğularınızı dərk edin.
  • Uşağınıza hadisənin baş verməsində onun  günahkar olmadığını, onu çox sevdiyinizi və üzüntüsünün təbii olduğunu izah edin.
  •  Kədərlənməsinə və ağlamasına izin verin.
  •  Duyğularını ifadə etməsinə təhrik edin.
  •  Ondan cəsur və güclü olmasını gözləməyin.