Haqqımızda

2016 -cı ildə ucqar kənd məktəblərinin birindən çəkilmiş fotoda orada təhsil alan balaca dostumuzun mavi sellofan paketi məktəbli çantası kimi istifadə etdiyini gördük.
Ölkəmiz günü gündən inkişaf edir, lakin bu foto ucqar bölgələrimizdə hələ də kifayət qədər uşağın maddi və sosial yardımlara ehtiyacı olduğunu göstərmiş oldu

O balaca dostumuz Bir Təbəssüm Bir Ümid layihəsini yaratmağımıza ilham mənbəyi oldu.

Və biz ölkəmizin, xüsusən ucqar bölgələrində yaşayan 4-17 yaş arası, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq onların sosial, mədəni və təhsildə inkişafına töhfə vermək məqsədilə bu layihəni yaratmağı qərara aldıq.

Sosial mediada , dostlarımızın köməyi ilə topladığımız əşyaları ilk səfərimizdə Qubanın Buduq kəndində yaşayan uşaqlar üçün apardıq.

Və beləliklə Bir Təbəssüm Bir Ümid hekayəsi həm bizim üçün, həm də həyatına zərrə qədər də olsa müsbət toxunuş etdiyimiz və edəcəyimiz bütün uşaqlar üçün başladı.

2017 -ci ildən etibarən biz ucqar kəndlərlə daimi əlaqələr yaratmağa və növbəti səfərlərimizi planlamağa başladıq. Əsas prioritetimiz ölkənin gedilməsi ən çətin kəndlərinə çatmaq, orada yaşayan balaca dostlarımızı öz hədiyyələrimizlə sevindirməkdir.

İstəyimiz uşaqların sosial-iqtisadi şəraitdən asılı olmayaraq hüquqlarının qorunduğu, sevgi və inamla böyüdükləri, təhsillərinə fasiləsiz davam edən və ölkəyə əlavə dəyər qazandırdıqları bir cəmiyyətə xidmət etməkdir.

Uşaqların cəmiyyətdə sağlam, güclü, özünə inamlı, məhsuldar və məsuliyyətli bir insan kimi yetişmələrini təmin etmək üçün onlara geyim, oyuncaq, məktəb ləvazimatı , zəka oyunları və kitablarla dəstək göstəririk.

Əlavə olaraq məktəb yaşına çatmayan uşaqlara da məktəbə hazırlıq üçün gərəkli jurnal, kitab və ləvazimatlarla onları təmin edirik.

Bunlarla yanaşı ucqar bölgələrə etdiyimiz səfərlər zamanı uşaqlarla öyrədici oyunlar oynayıb, onlarla söhbət edib, uşaqların sosial psixoloji vəziyyətlərinin yaxşılaşmasına, onlarda gələcəklərinə və təhsillərinə doğru motivasiya artırmağa cəhd göstəririk.